`Giriş üçün bizdən 50 qəpik istədilər` - Bərdədə sakini parka buraxmadılar


23:14     07 Aprel 2017 berdede%20park1.jpg

Bərdə rayonunda Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda vətəndaşa qarşı xoşagəlməz hal baş verib.

“Parka girmək üçün bizdən 50 qəpik istədilər” - Bərdədə sakini parka buraxmadılar

Femida.az xəbər verir ki, rayon sakini M.Əkbərli şəhərin mərkəzində yerləşən parka azyaşlı övladı ilə birgə keçmək istəsə də ona girişin pullu olduğunu deyiblər. Vətəndaşın iddiasına görə, parkın böyük bir hissəsi xüsusi lentlərlə işarələnib və orada uşaqların əylənməsi üçün kiçik atraksionlar quraşdırılıb. Həmin əraziyə giriş 50 qəpik məbləğində müəyyənləşdirilib.






“ Bu gün uşağımı gəzdirmək üçün parka aparmışdım. Uşaq da digərləri kimi oyuncaqları görən kimi əraziyə girmək istədi. Amma nəzarətçilər bizi parka buraxmadılar. Dedilər ki, giriş 50 qəpikdir. Mən də kasıb adamam. Hər dəfə o pulu verə bilmərəm. Bura dövlətin ərazisində yerləşən parkdırsa, niyə xidmətlər pulludur ki? Elektrik enerjisi tələb etməyən yellənçəkdən istifadə üçün 50 qəpik istəyirlər. Buna da insanların gücü çatmır. Bu səbəbdən də uşağı parka apara bilmirəm. Həyatımda bu günə kimi belə hadisə görməmişdim.”

Femida.az vətəndaşın müraciəti ilə bağlı Bərdə Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsgəndər İsmayılov xəbərə çox sərt şəkildə münasibət bildirib.





“ Mən bütün günü kabinetimdə oluram. Parka çıxmıram ki, oradan xəbərim olsun. Mən bilmirəm o park kimin balansındadır. Vətəndaşın özünün müraciəti bizə olanda cavabı da veriləcək”

Femida.az vətəndaşın iddiası ilə bağlı Bərdə rayonundan seçilən millət vəkili Zahid Orucla da əlaqə saxlayıb. Millət vəkili ümumilikdə parkın ərazisinə girişin pullu olmasının mümkünsüz olduğunu bildirib.

“ Qeyd edim ki, həmin parkın salındığı ərazi uzun müddət boş bir yer idi. Sonradan orada 7 hektarlıq ərazidə möhtəşəm bir park salındı. Bu gün əraziyə ümumilikdə girişin pullu edilməsi mümkün deyil. Orada quraşdırılan atraksionlara görə müəyyən haqq alınırsa, bu normaldır. Bunlar vətəndaşların istirahətinə müsbət təsir edir. Hesab edirəm ki, əhalinin müəyyən imtiyazlı təbəqəsinə güzəştlər olunmalıdır.”






Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7307


Oxşar xəbərlər